22.03.2024

Kompozit vinir

Kompozit vinir, estetik diş müalicəsində tez-tez istifadə olunan müalicə vasitələrindəndir. Keramik lamina vinir kimi incə olurlar və bir çox özəlliklərinə görə onlara bənzəyirlər. Keramik vinilərdən fərqli olaraq laborator şəraitdə yox diş klinikasında müalicə əsnasında xüsusi kompozit materiallardan istifadə edilməklə diş həkimi tərəfindən hazırlanır. Dişlərin ön səthlərinə yapışdırılaraq dişlərin formasını, rəngini və görünüşünü yaxşılaşdırmaq məqsədilə uğurla tətbiq olunan bir vasitədir. Əsasən  dişlərin görünüşündə müxtəlif estetik problemləri aradan qaldırmaq üçün istifadə olunur. Xüsusilə vaxt azlığı varsa və ya nisbətən daha az maliyyətli bir metod gərəklidirsə bu zaman kompozit vinirlər keramiklərə yaxşı bir alternativ sayıla bilər.

Rəngi dəyişmiş dişlər, qırılmış və ya çatlamış dişlər, aralı yerləşmiş dişlər və ya forması qənaətbəxş olmayan dişlərin düzəldilməsində effektiv və sürətli bir həll yolu təklif edirlər. Bundan əlavə, dişlərin ölçüsünü və formasını pasiyentin istədiyi şəkildə dəyişə bilirlər, beləliklə şəxsin gülüşü daha simmetrik və estetik bir görünüş əldə edə bilir.

Kompozit vinirlər dayanıqlı və uzunömürlüdürlər və ən əsas üstünlüklərindən biri hər hansı bir qırılma və ya zədələnmə durumunda təmirin olduqca rahat olmasıdır. Doğru qulluq edildikdə, ağız və diş gigiyenasına riayət olunduqda, illərlə qüsursuz fəaliyyət göstərə bilirlər. Kompozit vinir hazırlanması və tətbiqi, diş sayından asılı olaraq bir və ya bir neçə seansda həyata keçirilir. Nəticə olaraq, kompozit vinirlər, estetik diş problemlərini aradan qaldırmaq və pasiyentin gülüşünü yaxşılaşdırmaq üçün qısa zamanda hazırlana bilən effektiv və etibarlı bir seçimdir.

 

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.az saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.