21.03.2024

Haymor boşluğu cərrahiyəsi

Sinus maxillaris (Haymor boşluğu), üst çənənin üzərində yer alan və maksillar böyük azı dişlərimizin yaxınlığında yer alan anatomik boşluqlardır. Ağız boşluğu cərrahiyəsi təcrübəsində bir sıra hallarda bu boşluqlara bu və ya digər səbəbdən müdaxilə etmək ehtiyacı yaranır. Bəzi hallarda dişlər tam və ya qismən haymor boşluğunda yerləşir və bu dişlərin çəkimi zamanı haymor boşluğunun dibi ilə ağız boşluğu arasında əlaqə yaranır (oroantral əlaqə). Bu hallarda mütləq şəkildə yaranmış bağlantı fərqli metodlarla cərrahi yolla bağlanır. İltihablı diş köklərindən iltihabi prosesin haymor cibinə yayılması və odontogen sinusit yaratması durumunda da səbəbkar dişin çəkimi ilə yanaşı oroantral əlaqə yaranmışsa mütləq şəkildə iltihablı haymor boşluğu sanasiya edilir və cərrahi yolla bağlanır. Bu durumda tətbiq edilən metod hər bir halda “Caldwel Luc” və ya bənzəri radikal əməliyyatlar olmamalıdır. Bununla yanaşı yuxarı çənə ağıl dişi çəkimi zamanı dişin haymor boşluğuna dislokasiyası da (yerdəyişməsi) haymor boşluğuna müdaxiləni qaçılmaz edə bilər.

Yuxarıda sadalanan hallarla yanaşı üst çənə arxa bölgədə dişlərin itirilməsindən sonra əksər hallarda yetərsiz sümük miqdarı ilə qarşılaşırıq. Bu zaman həmin bölgədəki itirilmiş dişlərin dental implantlarla bərpası zamanı, yetərsiz sümük miqdarına bağlı müəyyən çətinliklər ortaya çıxa bilir.

Bu çətinliklərin ortadan qaldırılması, sinus dibinə sümükartırma prosedurunun tətbiqi ilə mümkündür. Sinus lifting əməliyyatı olaraq da adlandırılan bu metodun tətbiqi vasitəsilə tətbiq etməyi planlaşdırdığımız implantın ölçüsünə müvafiq olaraq sümük köçürülməsi aparılaraq, yer qazanılır və implantlar uğurla tətbiq oluna bilir. Əməliyyat kliniki situasiyaya görə açıq və qapalı texnika ilə aparılır. Hər iki  əməliyyat yerli ağrısızlaşdırmanın tətbiqi ilə icra oluna bilir. Kliniki duruma bağlı olaraq bəzən bu əməliyyat implantların yerləşdirilməsi ilə eyni seansda, bəzən isə iki ayrı əməliyyat olaraq icra olunur.

https://www.youtube.com/watch?v=i-D7EjfTME4

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.az saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.